Azərbaycan hakimiyyəti, nəhayət ki, ölkə mediasında ciddi dəyişikliklərlə nəticələnəcək islahatlara başlamağa qərar verib.
Demokrat.Az-ın əldə etdiyi xəbərə görə, hazırda KİVDF-də fövqəladə iclas keçirilir. Toplantıda bu qurumun xətti ilə indiyədək dövlət tərəfindən maliyyələşdirilən qəzetlərin xeyli hissəsinə maliyyə yardımı ayrılmasının dayandırılmasına qərar veriləcək.
Məlumata görə, KİVDF-nin bu qərarının elanından sonra təxminən 10 qəzetin maliyyələşdirilməsi nəzərdə tutulur. Digərlərinin çap formasında fəaliyyətini dayandıraraq, elektron nəşrə keçmələri tövsiyə olunacaq.
Strateq.az-a çatan məlumata görə, maliyyə yardımı dayandırılacaq qəzetlər aşağıdakılardır: “Şərq”, “Ədalət”, “Unikal”, Palitra”, “Paralel”, “Azad Azərbaycan”, “Həftəiçi”, “Bizim Yol”, “Olaylar”, “Üç Nöqtə”, “Oxu Məni”, “Hürriyyət”, “Reytinq”, “Hərbi And”, “Türküstan”, “İqtisadiyyat” və “Mövqe” qəzetləri.![]()
Maliyyələşdirilməsi davam etdiriləcək qəzetlər siyahısında isə “Səs”, “Yeni Azərbaycan”, “Yeni Müsavat”, “İki Sahil”, “Kaspi”, “Kaspiy”, “525-ci qəzet”, “Bakı Xəbər” və “Novoye Vremya”nın adları çəkilir.
"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı isə Demokrat.Az-a açıqlamasında qəzetinə maliyyə yardımının dayandırlmasını təsdiqləyib:
"Bizim qəzetə maliyyə yardımı dayandırıldı. Səbəbini bilmirəm və bu barədə şərh vermək istəmirəm. Yaxşı olar ki, bu məsələ ilə bağlı KİVDF-yə müraciət edəsiniz".
Xatırladaq ki, KİVDF sonuncu dəfə 32 qəzetə 28 dekabr 2018-ci il tarixdə 3 ay müddətinə maliyyə yardımı ayırıb. Ötən müddətdə bu nəşrlərdən “Eskspress” qəzeti çap fəaliyyətini dayandırıb.
KİVDF-də fövqəladə toplantı: 20-dən çox qəzet bağlanır - SİYAHI
sosial sebeke

















